Rusiya Qarabağı Dnestryanı “ssenarisi”ni təkrarlaya  bilməz - Qabil Hüseynli

16:14 28.04.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rusiya Dnestryanı ərazilərdə və Moldovada heç bir şey edə bilməyəcək.  Qarşıda Rusiyanın əleyhinə birləşmiş 40 dövlət var. Rusiyanın imkanları tükənir. Eləcə də Moskva sülhməramlı bəhanəsi ilə Qarabağda da bir iş görə bilməyəcək.

Bu fikirləri hafta.az-a politoloq Qabil Hüseynli deyib:

“Qarşıda güclü Azərbaycan və qardaş Türkiyənin ordusu var.  Rusiya bu bölgədə aranı qarışdırmağa cəhd etsə, bu, özünü intihara bərabər olacaq. Ortaya çıxan bütün problemlər tamamilə Rusiyanın özü, daxilindəki proseslərlə bağlıdır. Rusiyada elə proseslər baş verəcək ki, onların Qarabağda düşündüyü  ssenarilərin heç biri həyata keçməyəcək.

Bu gün Azərbaycanın Rusiyadan, eləcə də Ermənistandan üçtərəfli sazişə əməl olunmasını gözləyir. Eləcə də Paşinyan Brüsseldə Sülh müqaviləsinin imzalanması ilə bağlı öhdəlikləri yerinə yetirməsi ilə bağlı razılaşmalara əməl etməyə məcburdur. Rusiyanın Qarabağda əbədi qalmaq üçün yollar axtardığı, lazım gələrsə, təxribatlara əl ata biləcəyini heç kəs inkar etmir. Bu gün vəziyyət heç də Kremlin xeyrinə deyil və bu dövlət Azərbaycanla münasibətlərini korlamaq üçün belə səhvlərə yol verməz.

Rusiya sühməramlılarını qorumaq istəyirsə, buyurub ərazidən çıxara bilər. Yox əgər Qarabağda sülhməramlıların olduğu yerlərdə hər hansı partlayışlar törətmə ssenarisini təkrar edərsə, bu da Rusiyaya hər hansı bir formada müdaxilə etməsinə imkan verməyəcək. Ən azı, Rusiya üçtərəfli sazişə uyğun olaraq öhdəliyini yerinə yetirməli və erməni silahlı birləşmələrini Qarabağdan çıxarmalıdır.

Əgər Rusiya bunu etməyəcəksə, Prezidentin də dediyi kimi Dəmir Yumruq yerindədir!. Paşinyan sonunda sülh müqaviləsinə imza atmalıdır. Artıq danışıqlar prosesi buna doğru gedir. Heç şübhəsiz, ermənilərin havadarları, separatçılar öz məqsədlərini gerçəkləşdirmək üçün istənilən təxribata gedirlər. Ermənilərin, separatçı rejimin Azərbaycan daxilində məkrli iddialarına baxmayaraq, Azərbaycan tərəfi onlara son şans verdiyini bir daha Şuşadan bəyan etdi. Nəhayət, sülhə gələcəklərsə, qanunlarımıza tabe olacaqlarsa, qalıb yaşayacaqlar, əks halda gedəcəklər. Heç bir halda Rusiya Qarabağı Dnestryanı və Moldova “ssenarisi” ilə idarə etməyə qalxa bilməz”.